Belarusun Minsk Elmi-Praktiki Cərrahiyyə, Transplantologiya və Hematologiya Mərkəzinin Tibbi işlər üzrə direktor müavini, nefrologiya, böyrək əvəzedici terapiya və böyrək transplantasiyası üzrə Respublika Mərkəzinin rəhbəri, həkim-cərrah, tibb elmləri doktoru, professor Oleq Valentinoviç Kalaçik Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin işi ilə yaxından tanış olmaq üçün Bakıya dəvət olunub.
Mərkəzin sədri Yeganə Abbasova ilə orqan donorluğu və transplantasiya sahəsində aparılan işləri müzakirə edən Kalaçik daha sonra Mərkəzin idarə heyətinin sədr müavini Günay Abbasova tərəfindən böyrək transplantasiyası həyata keçirən bir neçə xəstəxananın kollektivi ilə tanış edilib.
Bu görüşlərin əsas məqsədi gələcəkdə Azərbaycan və Belarus arasında orqan donorluğu və transplantasiya sahəsində əməkdaşlığın qurulması və genişləndirilməsi olub.
Oleq Kalaçik Mərkəzi Klinikada baş həkim, ürək-damar cərrahı, professor Kamran Musayev, baş həkim yardımçısı, cərrah Zaur Xəlilov, transplantoloq-cərrah Tariyel Nadirov və digər mütəxəssislərlə görüşüb, əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.
Ardınca DTX Hospitalında transplantasiya sahəsində çalışan həkimlərlə görüş keçirilib. Görüşdə DTX-nin Hərbi-tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyev, xəstəxananın baş həkimi Kənan Əhmədov və elmi işlər üzrə direktor müavini, transplantologiya şöbəsinin müdiri Rəşad Şolan iştirak edib.
Səfərin sonunda belaruslu qonaq Mərkəzi Gömrük Hospitalında geniş tərkibli görüşə qatılıb. Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, idarə rəisinin müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarə heyətinin sədr müavini Günay Abbasova, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, cərrah-transplantoloqlar Mircəlal Kazımi, Kamran Beydullayev və nefroloq Elnur Fərəcov iştirak edib.